"Ölkədə vahid AZQR standartının tətbiqi mərhələsi artıq yekunlaşıb".
Hafta.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov IX Beynəlxalq Bankçılıq Forumundakı çıxışı zamanı bildirib.
Vüsal Xəlilov AZQR-ın biznes xərclərini ciddi şəkildə azaldacağını bəyan edib:
"Son illərin inkişaf dinamikası maliyyə sektorunda görünməmiş dərəcədə güclüdür. Bununla əlaqədar Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklər həyata keçirib. Bu islahatlar 2024-26-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyasına uyğun icra olunur".
Vüsal Xəlilov islahatların əsas istiqamətinin hüquqi-normativ bazanın təkmilləşdirilməsi ilə yanaşı, bazar iştirakçılarının tələblərinə cavab verən davamlı yeniliklərin tətbiqi olduğunu qeyd edib:
"Məsələn, ölkədə vahid AZQR standartının tətbiqi mərhələsi artıq yekunlaşıb və QR ödənişlərinin bütün ölkə üzrə standartlaşdırılması təmin edilir. Ani ödənişlər sistemi üzrə ödənişlərin 25 dəfə artdığı, ümumiyyətlə, bu sahədə ciddi yüksəliş qeydə alınıb. Ani ödənişlər və AZQR standartı həm regionlarda, həm də Bakıda nağdsız ödənişlərin genişlənməsinə və xərclərin azalmasına imkan yaradacaq. Beləliklə, həm vətəndaşların, həm də sahibkarların ödəniş xərcləri əhəmiyyətli dərəcədə azalacaq".